DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyulun 26-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2002-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsinin nəticələrinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti hələ də “Azərbaycan Polisi günü” münasibətilə keçirilən təntənəli mərasimdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin dərin məzmunlu, proqram xarakterli nitqinin təsiri altındadır. Dövlət rəhbərimizin, Ali Baş Komandanın haqlı iradlarından, tövsiyə və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Daxili İşlər Nazirliyi və onun struktur orqanları təxirəsalınmaz tədbirlər həyata keçirmişlər. Eyni zamanda, ölkə rəhbərinin Azərbaycan Polisinin fəaliyyətinə verdiyi yüksək qiymət, göstərdiyi qayğı və diqqət daxili işlər orqanları əməkdaşlarının son illər cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təminində əldə etdiyi müsbət nəticələri daha da inkişaf etdirməyə ruhlandırmış və bu amil cari ilin ötən altı ayında qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsində təsdiqlənmişdir.
Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Zahid Dünyamalıyev görülmüş təşkilati və profilaktiki, əməliyyat-axtarış tədbirlərindən danışarkən bildirmişdir ki, cinayət-axtarış xətti ilə qeydə alınan cinayətlər 11,7, şəxsiyyət əleyhinə olan cinayətlər 15, əmlak cinayətləri 26,3, qəsdən adamöldürmələr 6,1, quldurluqlar 33,9, soyğunçuluqlar 19,3 faiz azalmışdır.
Cinayət-axtarış xətti üzrə cinayətlərin 94,7 faizinin açılması təmin edilmişdir. Qrup şəklində 686 cinayət törətmiş 1592 cinayətkar, o cümlədən adam oğurluğu və hədə-qorxu ilə tələbetmə cinayətləri törətmiş 34; qəsdən adamöldürmə cinayətləri törətmiş 26; quldurluq və soyğunçuluqlar törətmiş 95 nəfər zərərsizləşdirilmişdir.
Görülmüş əməliyyat-istintaq və profilaktiki tədbirlər nəticəsində, əhalidə qanunsuz saxlanılan 1352 odlu silah, o cümlədən 178 avtomat, 177 tapança, 21 qumbaratan və sair silah-sursat götürülmüş, odlu silahla törədilən cinayətlərin sayı 35,1 faiz azalmışdır. Qeyd olunmuşdur ki, ötən müddətdə axtarışda olan 2693, o cümlədən MDB ölkələrində gizlənmiş 270 cinayətkarın yeri müəyyən edilərək tutulmuşdur.
Qanunsuz dövriyyədən 32,2 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 3,9 kiloqram tiryək, 23 kiloqram marixuana, 3,7 kiloqram həşiş, 1,6 kiloqram heroin götürülmüş, yaşıl kütlə halında 27 ton 600 kiloqram narkotik xassəli bitkilər məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan hallara qarşı mübarizənin gücləndirilməsinə dair 13 avqust 2001-ci il tarixli bəyanatından irəli gələn vəzifələrin icrası ilə əlaqədar həyata keçirilmiş zəruri tədbirlərlə 87 cinayət faktı müəyyən olunmuşdur.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan MR-ın daxili işlər naziri Əhməd Əhmədov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev, Nazirliyin Daxili Tədqiqatlar İdarəsinin rəisi Ramiz Nağıyev, Sumqayıt şəhər Polis İdarəsinin rəisi Sevindik Səfərov və başqaları çıxış edərək növbəti hesabat dövründə qarşıda duran vəzifələrin həlli yollarından danışmışlar.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan dövlət quruculuğu prosesində daxili işlər orqanlarının əməkdaşları üzərilərinə düşən məsuliyyətin ağırlığını hər an hiss etməli, vəzifə borcunu layiqincə yerinə yetirmək üçün daim çalışmalıdırlar. Nazir Ramil Usubov əmin olduğunu bildirmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti öz peşəkarlıq səviyyəsi, əzmkarlığı, vətənə, dövlətçiliyə sədaqəti və xidməti uğurları ilə ölkə rəhbərimizin, xalqımızın etimadını və inamını bundan sonra da doğruldacaqdır.