DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Məlum olduğu kimi, bu il noyabrın 27-də naməlum şəxslər tərəfindən Qusar rayon mərkəzindəki zərgər mağazasına basqın edilmiş, satıcı Azər Şərifov odlu silahdan açılan atəşlə öldürülmüş və külli miqdarda qızıl-zinət əşyaları aparılmışdır.
Hadisə ilə əlaqədar görülən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 6-da səhər 5.00-6.00 radələrində cinayəti törədənlərdən biri - Qusar rayon sakini, 1974-cü il təvəllüdlü Vüqar Balabəyov tutulmuşdur. İstintaq-əməliyyat hərəkətləri ilə cinayətin daha iki iştirakçısı barədə məlumat əldə edilmişdir.
Onların yaxalanması üçün dərhal xüsusi əməliyyat qrupu yaradılmış, ərazinin mühasirəyə alınması və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bölgədə yerləşən Xüsusi təyinatlı bölümü əməliyyata cəlb edilmişdir. Eyni zamanda, silahlı şəxslərin respublikanın hüdudlarını tərk edərək, qonşu ölkənin ərazisinə keçməsinin qarşısının alınması üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən də zəruri tədbirlər görülmüşdür.
Ərazi mühasirəyə alındıqdan sonra, silahlı şəxslərin Vüqar Balabəyovun azadlıqdan məhrumetmə yerində cəza çəkən qardaşı Araza məxsus evdə gizlənmələri müəyyən olunmuş, onlara könüllü surətdə silahları təhvil vermək və təslim olmaq təklif edilmişdir. Lakin naməlum şəxslər daxili işlər orqanlarının əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına müxtəlif odlu silahlardan atəş açmış, əl qumbaraları atmışlar. Silahın yerə qoyulması barədə edilmiş təkrar xəbərdarlıqlara baxmayaraq, cinayətkar qrup hakimiyyət orqanlarının qanuni tələblərinə tabe olmamış, silahlı müqavimət göstərərək atəşi davam etdirmişdir.
Cinayətkar hərəkətlərin və yaranmış real təhlükənin qarşısının alınması, açılan atəşlərdlən ətrafda yaşayan sakinlərə və onların əmlakına zərər toxunmaması və zəruri müdafiə məqsədi ilə, Daxili Qoşunlarının Xüsusi təyinatlı bölüyünün açdığı cavab atəşi nəticəsində silahlı müqavimət göstərən şəxslər məhv edilmişdir.
Əməliyyat-istintaq tədbirləri nəticəsində silahlı quldurların şəxsiyyəti müəyyən olunmuşdur. Məlum olmuşdur ki, onlardan biri, hələ 1998-ci ildən fərariliyə görə barəsində axtarış elan olunmuş, 2001-ci il iyunun 7-də Dövlət Yol Polisi İdarəsinin Balakən-Zaqatala şose yolunda yerləşən 718 saylı stasionar postuna silahlı basqın edərək, polis starşinası Bayram Dadaşovu, operator Etibar Məmmədovu və həmin vaxt postda olan Balakən rayonu Poşbinə kənd sakini Sabir Musayevi “Makarov” tipli tapançadan atəş açmaqla qətlə yetirmiş Qusar rayon Əvəcuq kənd sakini Muradov Valeh Vəlimurad oğludur. “Abduləziz” ləqəbli Valeh Muradov 2001-ci il iyunun 14-də Zaqatala rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı İsmayıl Teyyubovu da odlu silahdan atəş açaraq qəsdən öldürmüş, vətəndaş Qulu İbişovu öldürməyə cəhd etmişdir.
Meşə zolağında silahlı müqavimət göstərərkən məhv edilmiş digər quldur isə Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Nizam İsayev olmuşdur.
Ağır cinayət hadisələri törətmiş həmin şəxslərdən 1 ədəd AKM tipli avtomat, 2 ədəd nömrəsi silinmiş “Makarov” tapançası və 1 səsboğucu götürülmüşdür.
İş üçün əhəmiyyət kəsb edən bütün xüsusatların araşdırılması məqsədi ilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.