Daxili işlər orqanları 79 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar
Bakı, 24 may, AZƏRTAC
Respublikanın daxili işlər orqanlarının ötən gün keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 79 kiloqram olan müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqramadək tiryək və 300 qrama yaxın heroin aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Biləsuvar şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımovdan 16 kiloqram 830 qram tiryək və 285 qramdan artıq heroin götürülüb.
Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 135 çətənə kolu aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq çəkisi 57 kiloqram 345 qram marixuana, 2147 çətənə toxumu, 2 elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 patron, optik-gecəgörmə qurğusu və bir bıçaq aşkar edilərək götürülüb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş Bəşir Soltanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 çətənə kolu götürülüb.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Şəki rayon sakini Çingiz Qarayevdən çəkisi 2 kiloqram 475 qram marixuana aşkar edilib.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının saxladıqları şəhər sakini Tariyel İsmayılovdan 9,5 qram marixuana aşkarlayıblar. Əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “Opel” markalı avtomobildən isə əlavə 745 qram marixuana aşkarlanaraq götürülüb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan Qarabaqqal kənd sakini Raqib Mürsəlovdan marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 432 qram, idarə etdiyi “VAZ-2104” markalı avtomobilindən isə 17 qram marixuana aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı cinayəti işləri başlanılıb.