Dayə işlədiyi evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın yaxalanıb
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 24-dən iyunun 5-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 12 min 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs - həmin evdə dayə işləyən paytaxt sakini R.Kərimova saxlanılıb.
Mayın 10-da Binəqədi rayonu ərazisində “Niva” markalı avtomobildən 500 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini R.İsmayılov rayon polis idarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktlarla bağlı təhqiqat aparılır.