“DEBÜTLƏRİN BİRLİYİ” BEYNƏLXALQ MÜKAFATININ QALİBLƏRİ TEZLİKLƏ MÜƏYYƏN OLUNACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Debütlərin birliyi” beynəlxalq mükafatının təşkilat komitəsi 2008-ci il müsabiqəsinə işlərin qəbulunun başa çatdığını elan etmişdir. Təşkilat komitəsindən bildirmişlər ki, Rusiya Prezidentinin köməkçisi Cahan Pollıyevanın sədrlik etdiyi MDB ölkələrinin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlığı Fondu bu ilin aprelində “Debütlərin birliyi” beynəlxalq mükafatını təsis etmişlər.
“Debütlərin birliyi” mükafatı MDB ölkələrində 35 yaşadək yaradıcı gəncləri dəstəkləmək, gənclərin mədəniyyət, incəsənət, elm və təhsil sahələrində ünsiyyətini və əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyır. O, yeni fəaliyyətə başlayan müəlliflərin, ifaçıların, gənc alimlərin, humanitar və yaradıcı peşə nümayəndələrinin peşəkarlığının püxtələşməsinə, onların əsərlərinin, elmi ixtiralarının MDB-nin və bütün dünyanın peşəkar birliklərində irəlilədilməsinə kömək göstərməyə yönəldilmişdir.
Mükafat təsisçilərin qərarına müvafiq olaraq hər il MDB ölkələrində humanitar əməkdaşlıq sahələrindən biri üzrə keçiriləcək müsabiqənin qaliblərinə təqdim ediləcəkdir.
Bu il mükafat birliyin ən yaxşı şairlərinə veriləcəkdir. Laureatların və qaliblərin təltif edilməsi mərasimi sentyabrın 18-20-də Düşənbədə yaradıcı və elmi ziyalıların III Forumu çərçivəsində keçiriləcəkdir.
Təşkilat komitəsindən vurğulamışlar ki, poeziya müsabiqəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu başçılıq edir. Müsabiqəyə işlər Birliyə daxil olan bütün ölkələrin milli yazıçılar birliklərinin bazasında yaradılmış milli ekspert qrupları tərəfindən aprel-iyun aylarında qəbul edilmiş və ilkin qaydada nəzərdən keçirilmişdir. Müsabiqədə iştirak üçün 10 ölkədən - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Ermənistandan 100-dən yuxarı şair qeydiyyatdan keçmişdir. Müsabiqədə rus dilində, eləcə də milli dillərdə yazan şairlər iştirak edirlər. Onların əsərləri münsiflər heyətinə təqdim edilmək üçün rusiyalı tərcüməçilər tərəfindən rus dilinə tərcümə olunmuşdur.