CƏMİYYƏT
Dələduzluq edən qadın saxlanılıb VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı şəhər sakini Natəvan Ağayeva Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edərək ötən ilin oktyabrında F.X.Xoyski küçəsində Rəvanə adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verdiyini bildirib. O, həmin şəxsin pulu aldıqdan sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldatdığını deyib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanılıb. O, izahatında törətdiyi cinayəti etiraf edib.
Saxlanılan şəxsin ətrafında keçirilmiş əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Araşdırma zamanı R.Babayevanın xadimə kimi işlədiyi, Nərimanov rayonunun A.Alı küçəsində yerləşən mənzildən 1000 ABŞ dolları və dəyəri 3000 manat olan xalça oğurladığı da məlum olub. Saxlanılan şəxs oğurladığı xalçanı 1200 manata satdığını deyib.
Faktla bağlı 18-ci polis şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.
Oğurluq və dələduzluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.