“Deltakron” variantı daha çox yuxarı tənəffüs yolları şikayətləri ilə xarakterizə olunur
Bakı, 17 mart, AZƏRTAC
Məlum olduğu kimi, bu ilin əvvəllərində COVID-19-un hibrid ştamı olan “deltakron” aşkarlanıb. İlk dəfə Kiprdə qeydə alınan yeni mutasiyaya bir neçə ölkədə rast gəlinib. Aparılan ilkin müşahidələrə görə “deltakron” variantının aşkarlandığı şəxslərdə əsasən yuxarı tənəffüs yollarına aid şikayətlər qeydə alınır, burun axıntısı, öskürək, boğaz ağrısı, halsızlıq kimi əlamətlərlə özünü büruzə verir. Həmin mutasiyanın nə dərəcədə patoloji və yoluxucu olmasını araşdırmalar göstərəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
Ölkəmizdə epidemioloji vəziyyətin qənaətbəxş olduğunu bildirən mütəxəssis həmin ştamın daha geniş yayılacağı təqdirə ölkəmizdə aşkarlanmasının da qaçılmaz olduğunu deyib: “Biz bunu digər ştamların da timsalında gördük. Odur ki, ehtiyatımızı əldən verməməli, qorunma qaydalarına əməl etməyə davam etməliyik. Hər hansı bir şikayətlər olduqda mütləq yaxma testi verilməsi məsləhət görülür. Yaxma analizi ilə statistika aparılaraq yeni ştamın ölkəmizdə mövcud olub-olmaması məlum olacaq. Bununla yanaşı, vaksinasiyada da aktivlik davam etməlidir ki, qoruyuculuq yaransın, vətəndaşlar yeni varianta yoluxsalar belə onu yüngül simptomlarla keçirsinlər. Yeni ştam haqqında daha dolğun məlumatlar geniş araşdırmalardan sonra məlum olacaq. Bilinən odur ki, yeni variant genom quruluşunu “delta”dan, malik olduğu mutasiyaların 10-nu “omikron”dan alıb”.