Dənizkənarı Milli Parkda “Zəfər” yarmarkasının açılışı olub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazandığımız böyük Qələbəyə həsr olunan “Zəfər” yarmarkasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 29-dan noyabrın 9-dək “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda, Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Buraya gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.
Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.
Tədbirin ilk günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Orkestrinin ifasında hərbi marşlar və vətənpərvərlik mahnıları səsləndirilib.
Qeyd edək ki, yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.
Yarmarka “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula1 Azərbaycan), "ABAD" Publik Hüquqi Şəxs, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərişıq" ASC, 156 - Evakuasiya Xidməti, "NIGROUP" MMC, Bakı Strafor Kəsim Mərkəzi, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə təşkil olunub.