Deputat: Qadın sahibkarların maliyyə resurslarına çıxış imkanları artırılmalıdır
Bakı, 22 dekabr, AZƏRTAC
İndiyədək 50 qadın sahibkar Qarabağ və Şərqi Zəngəzurda iş qurmaq və işğaldan azad edilmiş ərazilərə investisiya qoymaq üçün istəyini rəsmi olaraq təqdim edib. Bu da o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşmasında və bərpasında qadın sahibkarların da rolu olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, məhz bu konteksdə qadın sahibkarlığının inkişafı əsas prioritet olmalıdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən hər 5 sahibkardan 1-i qadındır. Bu o deməkdir ki, bu gün fəaliyyət göstərən 1 milyon 168 min sahibkardan 250 mini qadın sahibkardır. Ayrı-ayrı kateqoriyalara baxsaq iri sahibkarlıqda qadın sahibkar yoxdur, orta sahibkarlıqda qadınların payı 8 faiz, kiçik sahibkarlıqda isə 16 faizdir. Bu ondan xəbər verir ki, kiçik, mikro deyil, daha çox orta və iri sahibkarlıqda qadın sahibkarların payının və sayının artırılması çox vacibdir.
“Qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına ehtiyac var. Aparılan monitorinqlər göstərir ki, qadın sahibkarların kreditlərə çıxış imkanları aşağıdır. Bu da nəticədə onların sayının azalmasına səbəb olur. Statistikaya əsasən, qadınların həm sahibkarlıq subyektlərində, iqtisadiyyatda, eləcə də qərarların qəbul edilməsində iştirak prosesi genişlənir. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan üçün gender bərabərliyinin formalaşması və dəstəklənməsi prioritetdir”, - deyə deputat diqqətə çatdırıb.