İQTİSADİYYAT
Dərin özüllər zavodunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi onun adını daşıyan Bakı dərin özüllər zavodunda da qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə, ümummilli liderin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Zavodun direktor müavini Əliağa Səfərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən söhbət açmış, Ulu öndərin fitri istedadının bəhrəsi olan yeni neft strategiyasının xalqımızın müqəddəratında, Azərbaycanın iqtisadi qüdrətinin və nüfuzunun artmasında misilsiz əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu strategiya çərçivəsində gerçəkləşdirilən qlobal enerji layihələrinin ölkəmizin dinamik inkişafındakı misilsiz rolundan, zavodun neft sənayesinin yüksəlişinə verdiyi töhfələrdən danışmışdır.
Zavodun direktoru Ayaz Qarayev çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərini xatırladaraq bu müəssisənin yaranmasında Ulu Öndərin əvəzsiz rol oynadığını qeyd etmişdir. Natiq müasir Azərbaycanın qurucusu Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, neftçilərin, xüsusilə Ulu Öndərin adını daşıyan zavod kollektivinin böyük fədakarlıqla çalışdığını vurğulamışdır. Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışan A.Qarayev bildirmişdir ki, zavodun 80 hektardan çox ərazisində yaşıllıq zolağı salınmış, 90 minə yaxın ağac və gül kolları əkilmişdir.
Zavodun həmkarlar ittifaqı təşkilatının sədri Kamran Mürsəlov, YAP fəalı Allahyar Tağıyev bildirmişlər ki, Heydər Əliyev adına zavodun kollektivi respublikamızın iqtisadi cəhətdən qüdrətlənməsi, neft strategiyasının daha böyük bəhrələr verməsi naminə bundan sonra da əzmlə çalışacaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.