Devid Lidinqton: Böyük Britaniya Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafını dəstəkləyir
Bakı, 9 iyul (AZƏRTAC). Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Devid Lidinqton Britaniya hökumətinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafını dəstəklədiyini bəyan etmişdir. Bildirilmişdir ki, son 20 ildə Böyük Britaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf etmişdir və hazırda Azərbaycandakı xarici sərmayələrin 50 faizi bu ölkəyə məxsusdur. Azərbaycan hər zaman Qərbə inteqrasiyaya üstünlük vermişdir və hakim Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyasına qoşulmaq istəyini bəyan etmişdir.
D.Lidinqton Britaniya hökumətinin Avropa Şurasında keçirilən Avropa İqtisadi Birliyi və onun üzv dövlətləri, eləcə də Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq müqavilələri ilə bağlı müzakirələrdə iştirak etdiyini və müsbət rəy bildirdiyini söyləmişdir. Əlavə etmişdir ki, bu müqavilələr ilk növbədə Azərbaycanın “Fiscalis 2020” və “Customs 2020” proqramlarında iştirakını nəzərdə tutur. Bunlar informasiya texnologiyaları əsasında vergi və gömrük sistemlərinin inkişafı ilə bağlı məlumat və təcrübə mübadiləsini asanlaşdırmaq üçün mövcud olan proqramlardır.
D.Lidinqton qeyd etmişdir ki, Azərbaycan və Cənubi Qafqaz regionu Avropa İttifaqı və Böyük Britaniya üçün strateji əhəmiyyət kəsb edir. Böyük Britaniya dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatının ən böyük xarici sərmayəçisidir. Bu regionun davamlı sabitliyi Britaniyanın rifahı və enerji təhlükəsizliyi məsələlərində əsasdır və məhz buna görə rəsmi London Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələri daha da gücləndirmək istəyir.
D.Lidinqton vurğulamışdır ki, Azərbaycanın Avropa İttifaqının proqramlarına qoşulması rəsmi Bakı ilə bu təşkilat arasındakı əlaqələrin möhkəmlənməsi deməkdir. Bir sözlə, Böyük Britaniya Avropa İttifaqı ilə Azərbaycanın sıx əməkdaşlığını dəstəkləyir.