“DEYİLƏN SÖZ YADİGARDIR” ADLI BƏDİİ QİRAƏT MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədən məqsəd söz xəzinəmizin şeir, mənsur şeir, nəsr, bayatı və laylaların nadir incilərinin geniş təbliği, bu sahədə aydın tələffüzlü danışıq tərzinə malik istedadlı gənc nəslin üzə çıxarılması, mədəniyyət ocaqlarında bu işin canlandırılmasıdır.
Müsabiqənin şərtinə görə, 18-dən 30 yaşa qədər hər bir şəxs, o cümlədən dövlət teatrlarında çalışan aktyorlar, şəhər və mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəkləri kollektivlərinin üzvləri yarışa qatıla bilərlər. Müsabiqədə fərdi qaydada iştirak etmək istəyənlər isə yaşadıqları ərazidə mədəniyyət müəssisələri rəhbərlərinə müraciət etməlidirlər.
Gəncə şəhərində iki tur üzrə keçiriləcək müsabiqənin seçim mərhələsində iştirak edəcək ifaçıların anketləri noyabrın 10-dək mədəniyyət üzrə elmi metodik mərkəzə göndəriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin teatr sektorunun müdiri Naibə İsmayılzadə, əməkdar mədəniyyət işçisi Mina Məlikova, xalq artistləri Laləzar Mustafayeva, Pərvanə Qurbanova, əməkdar incəsənət xadimi Hafiz Quliyev, əməkdar artist Azər Mirzəyev və başqalarından ibarət münsiflər heyətinə xalq artisti Nurəddin Quliyev sədrlik edir. Müsabiqənin qalibinə 500, ikinci yerin sahibinə 300, üçüncü yer üçün 250 manat pul mükafatı nəzərdə tutulmuşdur. Qaliblərə həm də diplom veriləcək, onlar laureat adına layiq görüləcəklər.
Bundan əlavə, hər biri 100 manat məbləğində üç həvəsləndirici mükafat da veriləcəkdir.