DGK-dan sahibkarlara müraciət: Malları keyfiyyət parametrlərinə uyğun dəyərlə bəyan edin
Bakı, 13 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) “Güvən 2012” MMC tərəfindən martın 14-də bəyan olunan malların gömrük dəyəri ilə bağlı Aslanov Ramil Xurşud oğlu tərəfindən sosial şəbəkələrdə yayılan videogörüntülər və söylənilən şəxsi mülahizələrə dair açıqlama verib.
DGK-dan AZƏRTAC-a bildirilib ki, açıqlamada “Güvən 2012” MMC tərəfindən martın 14-də bəyan olunan mallara (3 adda mətbəx üçün su kranları, duş kranları, arko kranlar və onların hissələri) fiziki baxış zamanı malların dəyərinin hazırlandığı material tərkibinin xammal dəyərindən aşağı olduğunun müəyyənləşdiyi qeyd edilib.
Mövcud qanunvericiliyin tələbinə uyğun olaraq gömrük dəyəri ilə bağlı bəyannaməçiyə Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada rəsmi bildiriş təqdim olunub.
“Güvən 2012” MMC tərəfindən Ramil Aslanovun malların bəyan edildikdən xeyli sonra, yəni aprelin 4-də etibarnamə verilib, həmin tarixindən etibarən vətəndaş komitənin vəzifəli şəxsləri tərəfindən 2023-cü il 7, 8, 11 aprel tarixlərində qəbul edilib. Keçirilən qəbullarda “Güvən 2012” MMC tərəfindən bəyan olunan malların dəyərinin eyni və eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə aşağı olduğu, gömrük dəyərinin fakta uyğun olmadığı, gömrük dəyərinin müəyyən edilməsi qaydaları barədə məlumatlar onun diqqətinə çatdırılıb. Həmçinin izah edilib ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən elektron qaydada təqdim edilmiş bildirişi məhkəmə qaydasında mübahisələndirilə bilər.
Gömrük-biznes əməkdaşlığının genişləndirilməsində marağını ifadə edərək Dövlət Gömrük Komitəsi könüllü riayətetmə, habelə malların keyfiyyət parametrlərinə uyğun dəyərlə bəyan edilməsi məsələlərinin diqqətdə saxlanılmasını sahibkarlardan xahiş edir.
Gömrük rəsmiləşdirilməsinin tez və rahat həyata keçirilməsi məqsədilə mal-müşayiət sənədlərinin (müqavilə, invoys, malın haqqının ödənişinə aid bank təsdiq sənədləri, ixrac ölkəsinin bəyannaməsinin surəti və s.) gömrük orqanlarına vaxtında təqdim etmələri sahibkarlara tövsiyə olunur.