ELM VƏ TƏHSİL
DİM dövlət qulluğu üzrə test imtahanları keçirəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
Dövlət qulluğuna qəbul imtahanı
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil ediləcək. İmtahan Bakı (Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28) və Naxçıvan (Naxçıvan Dövlət Universiteti) şəhərlərində keçiriləcək.
İmtahanda iştirak üçün 80 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.
Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Saat 10:00-da başlanacaq imtahan 2 saat 30 dəqiqə davam edəcək. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar.
Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 7, AC qrupu üzrə 15, BA qrupu üzrə 88, BB qrupu üzrə isə 248 olmaqla, ümumilikdə 358 namizəd qeydiyyatdan keçib.