DİM-in icraçı direktoru Astana Regional Xabın tədbirində mühazirə oxuyub
Bakı, 20 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov Dövlət Qulluğu üzrə Astana Regional Xabın keçirdiyi onlayn tədbirdə iştirak edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Vəfadar Misirov Dövlət Qulluğu üzrə Astana Regional Xabın və Qazaxıstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yasəvi adına Qazax-türk Beynəlxalq Universitetinin dəvəti ilə Türküstan Dövlət İdarəçilik Yay Məktəbində onlayn şəkildə keçirilmiş tədbirdə “Dövlət qulluğunda motivasiya və meritokratiya” mövzusunda mühazirə oxuyub.
İcraçı direktor dövlət qulluğu sistemində motivasiyanın artırılması üsulları və meritokratiya prinsipinin tətbiqi sahəsində Azərbaycanda aparılan islahatlardan danışıb, eyni zamanda, DİM in fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarınа geniş məlumat verib və sualları cavablandırılıb.
Dövlət idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsinin aparıldığı tədbirdə Şimali Makedoniya, Gürcüstan, Türkiyə kimi ölkələrdən dövlət qulluğu sahəsi üzrə mütəxəssislər “COVID-19-dan sonrakı dövr”, “Rəqəmsallaşma və elektron hökumət”, “Gender bərabərliyi” və digər mövzularda çıxış ediblər.
Qeyd edək ki, Astana Regional Xabı 2013-cü ildə üzv dövlət kimi Azərbaycanın da iştirakı ilə yaradılıb, ölkələr arasında dövlət qulluğu sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayır, dövlət qulluğu sistemlərinin inkişaf etdirilməsi üçün toplanmış təcrübə mübadiləsini həyata keçirir.