Din xadimlərinin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün təlimlər keçiriləcək
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov imam kimi fəaliyyət göstərən bir qrup ilahiyyatçı alimlə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ramin Məmmədov dövlət tərəfindən milli-mənəvi dəyərlərimizin, tolerant mühitin qorunub saxlanılmasına, dini abidələrin təmir və bərpasına göstərilən həssas münasibətə diqqət çəkib. Qeyd edib ki, qarşıda duran əsas hədəf və məqsədlərdən biri bu ənənəni yaşatmaq, gələcək nəsillərə çatdırmaqdır. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ, təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsində din xadimlərinin, xüsusilə ilahiyyatçı alimlərin üzərinə böyük vəzifə düşür. Onların ali və ya orta dini ixtisas təhsilli, yüksək dünyagörüşünə malik, azərbaycançılıq ideologiyasına bağlı olmaları önəmli məqamdır.
Komitə sədri Azərbaycan İlahiyyat İnstitutunda İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkiliyinə yol verməyən milli kadrların hazırlanmasını, eyni zamanda, din xadimlərinin müsahibə yolu ilə seçilərək fəaliyyət göstərmələrini bu sahədə mühüm addım kimi dəyərləndirib. Bütün bunların nəticəsində cəmiyyətdə din xadimləri barədə formalaşan stereotiplərin dəyişilməsinə baxmayaraq, hələ də onların ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərə ehtiyac duyulduğunu və bu səbəbdən Dövlət Komitəsi tərəfindən təlimlərin keçiriləcəyini deyib.
Görüşdə din xadimlərinin milli-mənəvi dəyərlərimizin düzgün təbliği, effektiv maarifləndirmə prosesi barədə fikir və təklifləri dinlənilib.
Qeyd edilib ki, görüşdə iştirak edən ilahiyyatçı alimlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibədə uğur qazanaraq Yasamal rayonu “İlahiyyat”, “Hacı Cavad”, Xəzər rayonu “Qala” və Abşeron rayonu Xırdalan şəhər məscidlərində imam kimi fəaliyyət göstərirlər.