DİNARA GİMATOVA PEKİN OLİMPİADASI ƏRƏFƏSİNDƏ BÜRÜNC MEDAL QAZANMIŞDIR
Pekin Olimpiadasında iştirak edəcək Dinara Gimatova İrkutskda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarının bürünc mükafatçısı olmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, D.Gimatova bürünc medala lentlə hərəkətlər üzrə finalda 17.575 bal toplayaraq layiq görülmüş, halqa və gürzlə çıxışlarında 7-ci nəticə göstərmişdir.
Daha bir gələcək olimpiyaçımız - Aliyə Qarayeva ən yaxşı nəticəni lentlə hərəkətlər üzrə göstərərək 16.675 balla 6-cı, iplə hərəkətlər üzrə 7-ci, halqa və gürzlə hərəkətlər üzrə səkkizinci yerləri tutmuşdur.
Çoxnövçülük yarışlarında, eləcə də fərdi yarışlarda turnirin qalibi Rusiya gimnastı Yevgeniya Kanayeva olmuşdur.
Bu turnirin Olimpiya oyunları ərəfəsində Aliyə və onun üçün son yarış olduğunu bildirən D.Gimatova demişdir: “Əlbəttə, oyunlar ərəfəsində uğurla çıxış etməyim özümə inamımı artırır. Axı, bu, mənim Olimpiadada ilk çıxışım olacaqdır! Bizim üçün başlıcası sağlam olmaqdır. Hazırda məni, Aliyəni və ehtiyat gimnast Anna Qurbanovanı Yaponiyada son hazırlıq mərhələsi gözləyir. İyulun 31-də yola düşüb avqustun 16-dək orada olacağıq. Pekində şanslarımıza gəldikdə isə püşkatmanın nəticələrinə görə, birinci gün Aliyə, eləcə də qrup komandamız 8-ci çıxış edəcəklər. Yeri gəlmişkən, bu rəqəm Pekin Olimpiadasının açılış gününün və ayının rəqəmi ilə üst-üstə düşür. Ümidvaram ki, bu müqəddəs rəqəm həm təşkilatçılara, həm də bizə böyük uğur gətirəcəkdir”.
Azərbaycanın Olimpiya yığmasının digər üzvləri - Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina Varnada qrup komandaları arasında Dünya kuboku yarışlarında iştirak etmişlər. Gimnastlarımız çoxnövçülərin yarışlarında 4-cü, 5 ip, 3 halqa və 4 və ya gürzlə hərəkətlər üzrə finalda isə 5-ci nəticəni göstərmişlər. Kuboka bolqarıstanlı gimnastlar yiyələnmişlər.
Qrup komandamız Olimpiya oyunlarına sonuncu hazırlıq mərhələsini Masallı Olimpiya İdman Kompleksində keçirəcəkdir. İyulun 31-də başlayacaq təlim-məşq toplanışları avqustun 14-dək davam edəcəkdir.