DİNİ LİDERLƏRİN MOSKVA GÖRÜŞÜNDƏ DİNLƏRARASI MƏŞVƏRƏT ŞURASININ YARADILMASI MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun aprelin 10-da Moskvada dünyanın tanınmış din rəhbərləri ilə görüşəcəkdir. Görüşdə müxtəlif konfenssiyaları təmsil edən tanınmış din xadimlərinin iştirakı gözlənilir.
Müsəlman konfessiyasını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təmsil edəcəyi görüşdə BMT yanında Dinlərarası Məşvərət Şurasının və dinlərarası dialoq üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması məsələləri müzakirə olunacaqdır.
BMT yanında Dinlərarası Məşvərət Şurasının yaradılması təşəbbüsü 2006-cı ildə dini liderlərin Moskvada keçirilmiş ümumdünya sammitində MDB Dinlərarası Şurasının həmsədrləri olan şeyxülislam A.Paşazadə və Moskva və Ümumrusiya patriarxı II Aleksi tərəfindən irəli sürülmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə görüşdə məruzə ilə çıxış edəcəkdir.