Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Neftçalada vətəndaşları qəbul etmişdir
Neftçala, 8 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov noyabrın 8-də Neftçala şəhərindəki mədəniyyət evində Neftçala, Salyan, Şirvan, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti əsasən dini ibadət yerlərinin tikilməsi və təmir-bərpası, dövlət qeydiyyatına alınması, Quran kurslarının açılması, dini mərasimlərin, xüsusən də Aşura mərasimlərinin keçirilməsi üçün maarifləndirmə işinin gücləndirilməsi istiqamətində olmuşdur. Vətəndaşlar bildirmişlər ki, böyük qəsəbələrdə məscidlər qəsəbədən uzaq olduğu üçün gündəlik, xüsusən də cümə namazlarında iştirak etmək çətinləşir. Vətəndaşlar daha yaxın yerlərdə ibadət evlərinin tikilməsi üçün müvafiq razılığın verilməsini xahiş etmişlər. Eyni zamanda, vətəndaşlar Aşura mərasimlərində qanvermə aksiyaların keçirilməsi üçün şəraitin yaradılması, o cümlədən Aşuranın hörmətinə xələl gətirən başyarma, qançıxartma kimi xurafat elementlərinin qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsini Dövlət Komitəsinin sədrinin diqqətinə çatdırmışlar.
Gün ərzində aparılan səyyar qəbul zamanı komitə sədri Elşad İsgəndərov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırmış və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq şöbələrə tapşırıqlarını vermişdir.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunmuş, komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülmüşdür.