Direktor: İsmayıllıda uşaq və ailələrin müdafiəsi istiqamətində sistemli maarifləndirmə işi aparılır
İsmayıllı, 19 dekabr, AZƏRTAC
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən fəaliyyətə başlayıb. Uzun müddət rayon icra hakimiyyətinin müvafiq şöbəsinin binasında fəaliyyət göstərmişik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci ilin noyabr ayında müasir və geniş bina istifadəmizə verilib.
Bunu AZƏRTAC-a açıqlamasında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva deyib.
O bildirib ki, mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri maarifləndirici tədbirlərin təşkili ilə bağlıdır. "Hesab edirik ki, problemin qarşısını vaxtında almaq, baş verdikdən sonra onu aradan qaldırmaqdan daha effektivdir. Bu məqsədlə dövlət proqramlarını əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçiririk. Təkcə bu il ərzində 100-dən artıq maarifləndirici tədbir keçirmişik və çalışmışıq ki, rayon üzrə bütün məktəbləri, peşə liseylərini və digər təhsil müəssisələrini əhatə edək. Mərkəzimizin fəaliyyəti rayonda müsbət qarşılanır, təşkil etdiyimiz tədbirlər isə geniş maraq doğurur", - deyə Mərkəzin direktoru vurğulayıb.
L.Əliyeva qeyd edib ki, il ərzində rayonun əksər kəndlərində erkən nikahlarla bağlı qanunvericilikdə edilmiş dəyişikliklər barədə əhali arasında geniş maarifləndirmə aparılıb. Xüsusilə kənd ağsaqqalları, icra nümayəndələri, bələdiyyə üzvləri, tibb işçiləri və digər məsul şəxslərlə görüşlər keçirilib.