“DOĞMA XALQIMIZA” FİLMİNƏ İCTİMAİ BAXIŞ KEÇİRİLMİŞDİR
Mayın 24-də “Nizami” kinoteatrında 1954-cü ildə “Bakı” kinostudiyasında lentə alınmış “Doğma xalqımıza” filminə ictimai baxış keçirilmişdir. Bu tədbir “Rəşid Behbudov fondu”, Baş Arxiv İdarəsi və “Nizami” kinoteatrı tərəfindən təşkil olunmuşdur.
Dahi sənətkarımız, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətlər göstərmiş Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbirdə ölkəmizin mədəniyyət, incəsənənt xadimləri və sənətsevərlər iştirak edirdilər.
Görkəmli rejissor, əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin çəkdiyi 6 hissədən ibarət “Doğma xalqımıza” sənədli ekran əsəri Azərbaycan kinosu tarixində ilk rəngli filmdir. Təəssüflər olsun ki, müəyyən səbəblər üzündən bu film indiyədək Azərbaycanda geniş auditoriya qarşısına çıxarılmayıbdır.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan kino sənətinin inciləri - “O, olmasın, bu olsun”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana” bədii filmlərin rejissoru Hüseyn Seyidzadənin dahi mügənnimiz Rəşid Behbudovun sevimli xalqı ilə sıx bağlılığından bəhs edən bu sənədli filminin də kino tariximizdə mühüm yer tutduğunu vurğuladılar.
Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova, Azərbaycan Mədəniyyət nazirinin müavini Vaqif Mustafayev, xalq artisti Rəfiqə Axundova və başqaları tədbirdə çıxış edərək Rəşid Behbudovun ecazkar sənətindən söz açdılar, “Doğma xalqımıza” filminin çəkilişi ilə bağlı xatirələrini danışdılar, filmin rejissoru olmuş Hüseyn Seyidzadənin zəhmətini yüksək dəyərləndirdilər.
Mərhum yazıçı Həsən Seyidbəylinin ssenarisi əsasında yaradılmış bu filmdə görkəmli mügənnilərimiz Rəşid Behbudov və Bülbüllə yanaşı böyük sənətkarlarımız Niyazi, Qəmər Almaszadə, Agababa Bünyadzadə, Leyla Vəkilova, Azad Əliyev və başqaları da çəkilmişlər.