“DON KİXOT” ƏSƏRİNİN DAVAMINI ŞEKSPİRİN YAZDIĞI SÜBUTA YETİRİLMİŞDİR
Ekspertlərin uzun illər müzakirə etdikləri bu fərziyyə indi təsdiqini tapmışdır. Dünya ədəbiyyatı tarixində əlamətdar hadisə olan bu kəşf haqqında İspaniyanın “Mundo” qəzetinə müsahibəsində “Kral Şekspir” şirkətinin direktoru Qreqori Doran məlumat vermişdir.
Q.Doran demişdir ki, Şekspirin az tanınan pyesi Servantesin ölməz əsərinin qəhrəmanlarından birinin adı ilə “Kardenyo” adlanırdı. Bu divanə gənc öz bədbəxt məhəbbət hekayətini hidalqoya İspaniya zadəganı danışmağa çalışır, lakin xanım haqqında xoşagəlməz sözlər işlətdiyi üçün onunla dalaşmalı olur. Romanı Con Şeltonun tərcüməsində 1612-ci ildə oxuyan Şekspir əsərin davamını yazmaq qərarına gəlir və bu işə dramaturq dostu Con Fletçeri cəlb edir. Ədəbiyyatşünaslar əmindirlər ki, pyesin başlığı da onların birgə təxəyyülünün məhsuludur.
Lakin illər keçdikcə “Kardenyo” unudulur. 1653-cü ildə bir tarixçi U.Şekspir və C.Fletçerin imzası ilə pyesin mətnini aşkar edir. “Don Kixot”un davamının “Qlobus” teatrı səhnəsində 2 dəfə oynanıldığı barədə məlumatlar var. Lakin Temza sahilində yerləşən bu teatr yanmış, pyesin əsli də onunla birlikdə məhv olmuşdur.
O dövrün ədəbiyyatşünasları həmin fakt barədə ziddiyyətli fikirlər söyləyirlər. Birincilər onu həqiqət, ikincilər isə uydurma adlandırırlar. İndiyədək belə idi. Lakin hazırda bu əfsanənin həqiqət olması barədə təkzibolunmaz sübutlar tapılmışdır. Q. Doran demişdir ki, İspaniya tərəfi ilə birlikdə “Kardenyo”nu səhnələşdirmək planları var.