Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində təşkil edilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin sədrlik etdiyi iclasda aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə işçi qrupun ilk iclasından ötən dövr ərzində ölkədə 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi, həmçinin Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb. İclasda, həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd olunmuş aidiyyəti müddəalardan irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək tədbirlər müzakirə olunub, rəy və təkliflər dinlənilib.
Sonra İşçi qrupun üzvləri 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunan yeni texnologiyalarla tanış olublar.
Qeyd edək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu bu texnologiyaların tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.