“DOST Çağrı Mərkəzi” tərəfindən 1,8 milyon vətəndaş müraciəti cavablandırılıb
Bakı, 30 dekabr, AZƏRTAC
Bu il “DOST Çağrı Mərkəzi” 142 tərəfindən 1,8 milyon, ümumən ötən dövrdə 5,1 milyondan çox vətəndaş müraciəti cavablandırılıb.
AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyində ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
“Bu il 5 yaşını qeyd edən DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. 2023-cü ildə də bir sıra beynəlxalq müsabiqələrdə qalib gələn DOST Agentliyinin təltif edildiyi mükafatların sayı artıq 20-yə çatıb. Bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və həmin ölkələrdə Azərbaycanın DOST modelinin tətbiqi məqsədilə təcrübəmizin bölüşülməsi üçün işlər aparılır.
Həmçinin bu il Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində keçirilən “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” beynəlxalq konfransı böyük maraqla qarşılanıb. “DOSTTALKS” layihəsi çərçivəsində "Heydər Əliyev xatirələrdə”, eləcə də bir çox tədbir və layihələr də həyata keçirilib”, - deyə F.Məmmədov qeyd edib.