Dövlət Bayrağı Günü münasibəti ilə Xocavənddə bayram tədbiri keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Gəncliyə Yardım Fondu 9 noyabr -Dövlət Bayrağı Günü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyəti ilə birgə bayram tədbiri keçirmişdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Xocavənd rayonundakı orta məktəblərin şagirdləri bir-birindən maraqlı ədəbi kompozisiya və musiqi nömrələri ilə çıxış etmişlər.
Tədbirdə Gəncliyə Yardım Fondunun (GYF) vitse-prezidenti Salman Əliyev sərhəd bölgələrində qaçqın və məcburi köçkün kimi yaşayan insanların diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışmışdır. O, eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin qanları ilə yoğrulan bayrağımızın hər zaman başımız üzərində qürurla dalğalanacağına inandığını əminliklə vurğulamışdır.
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu və GYF-nin mətbuat şöbəsinin rəhbəri Eldar Kərimov da çıxış edərək qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmışlar.
Tədbirin sonunda şagirdlərə fondun hazırladığı bayraqlar və məktəbli ləvazimatları təqdim edilmişdir.