Dövlət Bayrağı Muzeyində ədəbi-bədii kompozisiya keçirilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Qaradağ Rayon Gənclər və İdman İdarəsi və 274 nömrəli orta məktəbin təşkilatçılığı ilə Dövlət Bayrağı Muzeyində “9 noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər Dövlət Bayrağı Muzeyi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Muzey ilə tanışlıqdan sonra çıxış edən 274 nömrəli orta məktəbin direktoru Atakişi Cəfərov məktəblilərin iştirakı ilə keçirilən belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Sonra şagirdlər tərəfindən bayrağımızı tərənnüm edən şeirlər, mahnılar və milli rəqslər ifa olunmuşdur.
Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “9 noyabr - Dövlət Bayrağı Günü” münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir.
Sonda ədəbi-bədii kompozisiyanın tədbirin təşkilati işlərində yaxından iştirak etmiş müəllimlərinə və şagirdlərinə Qaradağ Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunmuşdur.