Dövlət bayrağımız qürur mənbəyimizdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbə gənclər təşkilatının “Dövlət bayrağımız qürur mənbəyimizdir” devizi altında toplantısı keçirilmişdir.
AzTU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə dövlətimizin əsas atributlarından sayılan üçrəngli bayrağımızın tarixinə ətraflı nəzər salınmış, onun sonsuz qürur mənbəyi olduğu vurğulanmışdır.
Bildirilmişdir ki, ölkəmizin hər yerində 9 noyabr - Dövlət Bayrağı Günü böyük təntənə və iftixar hissi ilə qeyd edilir. Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, qədim məmləkətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Onu qorumaq hər bir azərbaycanlının borcudur. Yenilməz qürur mənbəyi olan bayrağımız 1918-ci il noyabrın 9-da Məmməd Əmin Rəsulzadə tərəfindən bir daha enməmək arzusu ilə ucaldılmışdır. Lakin üçrəngli bayrağımız Sovet rejiminin 70 illik hökmranlığı dövründə dalğalanmasa da, daim ürəklərdə yaşamışdır. Nəhayət, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur. Muxtar Respublikanın Ali Məclisi üçrəngli bayrağın Azərbaycanın rəsmi bayrağı kimi tanınması barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti həmin vəsatətə baxmış, bu bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis edilməsi dövlətimizin başçısının müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi yüksək dəyərin parlaq nümunəsidir.
Sonda bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan Respublikasının dövlət bayrağının hər bir azərbaycanlının tükənməz qürur mənbəyi olduğu bir daha vurğulanmışdır.