Dövlət Baytarlıq Nəzarəti Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası və Respublika Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov anım mərasimini açaraq, 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb. Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mübarizəsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə, ilk növbədə, milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərib. Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının önəmindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışan Azər Süleymanov diqqətə çatdırıb ki, bu hadisəyə hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib.
Azər Süleymanov 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin uca tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə, əlil vətəndaşlarımıza daim diqqət və qayğı göstərildiyini vurğulayıb.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrindən ətraflı söhbət açıb, faciənin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini qeyd ediblər.
Sonda bir daha vurğulanıb ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda, tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.