DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, ulu öndərimizin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulamış, ölkəmizin günbəgün inkişaf etdiyini faktlarla əsaslandırmışdır.
Natiq akademiyada fəaliyyət göstərən “Heydər Əliyev dövlət idarəçiliyi universiteti”ndə dahi rəhbərimizin dövlət idarəçilik irsindən bəhs edən məşğələlərin əhəmiyyətini nəzərə çarpdırmışdır.
Professor Vəli Həbiboğlu, dosentlər Firdovsiyyə Əhmədova, Eldar Azadov, Sadıq Səlimov məruzələrində yerli özünüidarəetmə sahəsində dövlət siyasətinin başlıca istiqamətlərindən, Azərbaycan dövlətçiliyinin hüquqi təminatından və sairədən bəhs etmişlər.
Sonra bölmə iclaslarında ölkəmizdə strateji dövlət idarəçiliyinin əsas prinsipləri, milli mənafe və milli təhlükəsizlik, dövlət qulluğunda idarəetmə münasibətləri və digər mövzularda da məruzələr dinlənilmiş, müzakirələr aparılmış, təkliflər verilmişdir.