DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA QISAMÜDDƏTLİ İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, “Sərmayə proseslərinin dövlət tənzimlənməsi və maliyyə-kredit siyasəti” üzrə kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Bu sahədə tədrisin əsas məqsədi iqtisadi islahatlar şəraitində maliyyə-kredit və vergi münasibətlərinin səmərəli idarə olunması, sərmayə proseslərinin tənzimlənməsi və həyata keçirilməsi sahəsində dinləyicilərin biliklərinin təkmilləşdirilməsi və onlara yeni məlumatların verilməsidir.
Tədris-tematik plan üzrə kurslarda dövlət maliyyəsi və büdcə sisteminin əsasları, dövlətin vergi siyasəti, kredit siyasəti və banklar, dünya valyuta maliyyə sistemi, Azərbaycanın tədiyyə balansı, sərmayə proseslərinin dövlət tənzimlənməsi və s. ilə əlaqədar məsələlər əhatə olunmuşdur.
Təhsil müddəti ərzində kurslarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri M. Rəhimov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri S.Səfərov, sosial siyasət daimi komissiyasının sədri H.Rəcəbli, maliyyə nazirinin birinci müavini İ.Fətizadə, Milli Bankın İdarə Heyəti sədrinin müavini A.Quliyev, Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini G.Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini A.Əliyev, Birləşmiş Universal Səhmdar Bankı İdarə heyətinin sədri Z.Zeynalov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Uost Van Der Alst, “Həyat” Milli Qeyri-Hökumət Təşkilatının rəhbəri V.Rəcəbli və tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında iqtisadiyyatın müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.