Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə elan edib
Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) Yevlax, Lənkəran, Ağsu, Xaçmaz regional miqrasiya idarələrində və Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində inspektor və inspektor-psixoloq vəzifələrinə işə qəbulla bağlı müsabiqə elan edib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə hüquq, beynəlxalq hüquq, o cümlədən psixologiya, sosiologiya ixtisasları üzrə ali təhsilli, kompyuterdən istifadə etməyi bacaran, ingilis və rus dillərini bilən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.
Müsabiqədə iştirak etmək üçün vətəndaşlardan sənədlərini avqustun 1-dən oktyabrın 1-dək şənbə və bazar günləri istisna olmaqla saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202) təqdim etmələri xahiş olunur. Sənədlərin siyahısını Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytından (www. migration.gov.az) əldə etmək olar.
Müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilərlər.