Dövlət Neft Fondunun kollektivi Ulu Öndərin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) kollektivi Ulu Öndərin məzarını ziyarət edib, önünə əkil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyev və istedadlı həkim Tamerlan Əliyevin də məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Sonra ARDNF - nin rəhbər heyəti Fondun inzibati binasında yerləşən Heydər Əliyevin abidəsi önünə əkil qoyub, Ulu Öndərin əziz xatirəsini yad edib.
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov çıxışında dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu və xalqı qarşısındakı unudulmaz xidmətlərini, eyni zamanda, Dövlət Neft Fondunun təsis edilməsində müstəsna rolunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Fond Heydər Əliyev irsinə sadiq qalaraq Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinə xidmət etməklə öz missiyasını daim həyata keçirməyə davam edəcək. Sonda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin parlaq xatirəsi qəlbimizdə yaşayır və bundan sonra əbədi yaşayacaqdır.