Dövlət Proqramı milli icmaların iştirakı ilə müzakirə edilmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Milli İcmaların Koordinasiya Şurası ilə birgə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına təklifləri müzakirə etmişdir.
AZƏRTAC xəbər verir ki, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdikləri tədbirdə AGAT-ın sədri Gülsel Səfərova Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğı və diqqətdən danışmışdır. Bildirmişdir ki, proqramın hazırlanmasında bütün gəncliyi əhatə etməyə çalışırıq. Məqsəd dövlət proqramının hazırlanmasında maraqlı ideya və təklifləri milli icmaların gənclər təşkilatları ilə birgə müzakirə etməkdir. Odur ki, bu gün 2009-cu ildə təsis olunmuş Milli Koordinasiya Şurasının rus, ukrayna, yəhudi, tatar, yunan, türk və polşa gənclər təşkilatlarının təkliflərini müzakirə edəcəyik.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Nurlana Nağıyeva demişdir ki, gənclərin bütün təklifləri nəzərə alınacaq. Çünki dövlətimizin başçısı onları daim diqqətdə saxlayır. Ümid edirəm ki, gənclər onlara yaradılan şəraitdən istifadə edərək proqramda arzularını reallaşdıracaqlar.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Məmmədov, Ukraynanın Azərbaycandakı səfirliyinin attaşesi Yuri Lupey, Milli QHT Forumunun sədri Rauf Zeyni və başqaları milli - dini mənsubiyyətindən asılı olmayaraq gənclərə eyni şəraitin yaradıldığını və fərq qoyulmadığını vurğulamışlar.
Çıxış edənlər Bakıda beynəlxalq tədbirlərin keçirilməsinin mümükünlüyünü ölkədəki ictimai-siyasi sabitliklə əlaqələndirmiş, həmçinin Dövlət Proqramının əhəmiyyətindən danışmışlar.
######
