Dövlət qeydiyyatına alınmış əmlakların sayı 24 faiz artıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 24 faiz artıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-sentyabr ayları ərzində 219 min 968 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 48 min 607-si ilkin, 171 min 361-i isə təkrar qeydiyyatdır. Məlumat üçün bildiririk ki, ilkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınmasıdır. Təkrar qeydiyyat isə əvvəlki dövrdə verilmiş mülkiyyət sənədlərinin yeni sənədlərlə (çıxarışla) əvəzlənməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 35 min 260-ı fərdi yaşayış və bağ evi, 66 min 763-ü mənzil, 108 min 753-ü torpaq sahəsi, 2560-ı qeyri-yaşayış binası, 6040-ı qeyri-yaşayış sahəsi, 557-si əmlak kompleksi, 35-i isə çoxmərtəbəli yaşayış binasıdır.
2021-ci ilin 9 ayı ərzində 11 min 844 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,5 faiz artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, torpaq sahələrinin ilkin qeydiyyatı 22,2 faiz artaraq 11 min 632, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 40,6 faiz artaraq 2929 olub.
Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 39,2 faiz artaraq 23 min 416, mənzillər üzrə 47,5 faiz artaraq 44 min 919, torpaq sahələri üzrə 24,3 faiz artaraq 97 min 121, qeyri-yaşayış sahəsi üzrə 51,2 faiz artımla 3111 təşkil edib.
Ümumilikdə isə ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 32,3 faiz artaraq 129 min 487-dən 171 min 361-ə yüksəlib.
Bu aylar ərzində 173 min 276 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 295 min 481 arayış (Forma-1) verilib və bu növ arayışların sayı 50,1 faiz artıb. Qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,4 faiz artaraq 36 min 798 olub.
Qeyd edək ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması alqı-satqı, bağışlama, vərəsəlik, sığorta, ipoteka kimi iqtisadi və hüquqi əməliyyatların aparılması üçün zəruridir. Mülkiyyət hüququnun dövlət qeydiyyatı vətəndaşın ona məxsus daşınmaz əmlakından daha etibarlı və leqal formada istifadəsinin təminatıdır.