Dövlət qurumları arasında minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş - FOTOLAR
Bakı, 15 may, AZƏRTAC
SOCAR prezidenti Rövşən Nəcəf Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi olan komanda ilə görüş keçirib.
"Neftçi" İdman Klubundan AZƏRTAC-a verilən məlumata görə, turnir boyunca məğlubiyyətsiz çıxış edərək finalda inamlı qələbə qazanan SOCAR komandasını ürəkdən təbrik edən Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun və qələbə əzminin nəticəsi olduğunu vurğulayıb.
SOCAR prezidenti komandanın aparıcı oyunçularından Elnur Hüseynovun turnirin “Ən yaxşı oyunçusu” nominasiyasına layiq görülməsinin əlavə qürur hissi yaşatdığını qeyd edib, həmçinin bu uğurlu çıxışın davamı olaraq 5–7 iyun tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində keçiriləcək III Dünya Korporativ Oyunlarında komandanın ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində komanda üzvlərinə turnirdə göstərdikləri yüksək peşəkarlıq, komanda ruhu və qazanılan parlaq qələbəyə verdikləri töhfəyə görə SOCAR-ın Aparat rəhbəri, “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədri Hafiz Zeynalov tərəfindən təşəkkürnamələr təqdim olunub.