Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin 28-ci ildönümünü qeyd ediblər.
Dövlət Reklam Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov bildirib ki, keçmiş Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xalqın çətin anında yalnız ulu öndər Heydər Əliyev Rusiyanın paytaxtı Moskva şəhərində mətbuat konfransı təşkil etdi, qanlı faciəni dünya ictimaiyyətinə çatdırdı və onunla bağlı bəyanat verdi. A.İbadov bildirib ki, məhz Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi ölkə başçısı İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərilir.
Daha sonra Milli Məclisin deputatı, professor Musa Qasımlı çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu söyləyib.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi İmmiyə Zamanova 1990-cı ildə Bakıda baş verən bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildirib.
Daha sonra 20 Yanvar şəhidlərinə həsr olunmuş film nümayiş olunub.