Dövlət Sərhəd Xidmətinə yeni sərhəd gözətçi gəmisi verilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) “Neftqaz-3” tipli gəminin Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin döyüş sıralarına qəbul edilməsi və gəmiyə xidmətin Hərbi Dəniz Bayrağının təqdim edilməsi ilə əlaqədar mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə təsadüf edən mərasimdə ARDNŞ-ə məxsus olmuş gəminin təhvil verilməsi barədə sənədləri şirkətin prezidenti Rövnəq Abdullayev DSX-in rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyevə təqdim etmişdir.
Sonra Elçin Quliyev döyüş sıralarına yeni daxil edilən sərhəd gözətçi gəmisinə DSX-in Hərbi Dəniz Bayrağını gəminin kapitanına vermişdir.
Hərbi Dəniz Bayrağı gəminin qafelində (bayraq ağacında) qaldırılmışdır.
Mərasimdə çıxış edən DSX-nin Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev milli sərhəd siyasətinin yaradılması, sərhəd mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı mühafizəsinin təşkili məsələlərinə ümummilli lider Heydər Əliyevin xüsusi önəm verməsini böyük minnətdarlıq hissi ilə qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturunun yaradılması, DSX Sahil Mühafizəsinin Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsini və sərhədlərin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşması xüsusi vurğulanmışdır.
Yeni sərhəd gözətçi gəmisində yaradılmış xidmət və məişət şəraiti, gəminin texniki və sualtı aşkaretmə imkanları, həmçinin dənizdə tabe olmayan gəminin saxlanılması, dalğıc heyətinin hərəkətdə olan itisürətli qayıqdan suya enməsi, itisürətli qayıqların manevr elementləri tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
“Neftqaz-3” gəmisinin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə verilməsi ilə bağlı fikirlərini bölüşən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev demişdir ki, bu gəmi şirkətin balansından Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə verilən artıq 5-ci gəmidir. Gəminin dənizdə manevr imkanları çox böyükdür. Biz çox şadıq ki, bu gəmini də şərhədçilərə təqdim etdik.
######
![]() |
![]() |
![]() |


