DÖVLƏT SƏRHƏDLƏRİMİZİN MÜHAFİZƏSİ ETİBARLI ƏLLƏRDƏDİR
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyul ayında sərhədçilərimiz Şəmkir, Zaqatala rayonlarının ərazisində ümumi çəkisi 27 ton 443 kiloqram olan 199.465 ədəd yabanı çətənə kolu, Yardımlı rayonu ərazisində ümumi çəkisi 500 kiloqram olan 2 min ədəd yabanı xaşxaş kolu aşkar edərək və yandırmışlar. Bundan əlavə, Şərur rayonunun Kərimbəyli kəndi ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edən 8 nəfər naməlum şəxsin qarşısı alınarkən sərhəd pozucuları sərhəd naryadına qarşı silahdan atəş açmış, cavab atəşindən sonra geri qaçmışlar. Hadisə yerinə baxış keçirilərkən 5 ədəd 7,62 millimetrlik giliz, 3 ədəd bel çantası, 1 ədəd UZİ markalı avtomat silahın darağında 34 ədəd patron, 1 ədəd durbin, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd “Fitil” markalı radiostansiya, 4 nəfərin fotoşəkili, 1 ədəd maqnitola və şəxsi əşyalar aşkar olunaraq götürülmüşdür.
Göytəpə sərhəd dəstəsinin xidməti sahəsində dövlət sərhədindən narkotik maddə keçirməyə cəhd edən bir qrup qaçaqmalçının qarşısını alan sərhəd naryadları silahlı basqına məruz qalmış, cavab atəşi açaraq dövlət sərhədinin pozulmasına yol verməmişlər. Sərhəd pozucuları havanın qaranlıq olmasından istifadə edərək İran ərazisində gizlənməyə müvəffəq olmuşlar. Atışma zamanı sərhəd naryadının başçısı əsgər Vətən Qurban oğlu Məmmədov yaralanmışdır. Hadisə baş vermiş ərazilərdə 1 ədəd gecəgörmə cihazı, ağ rəngli kisədə 4,7 kiloqram tiryək aşkar olunmuşdur.
İyulda Azərbaycandan Gürcüstana 2.530 litr dizel yanacağının, 210 kiloqram əlvan metalın və 8 ton buğda ununun, əks istiqamətdə isə 1.460 ABŞ dollarının, 15 baş iribuynuzlu mal-qaranın, 100 kiloqram nərə balığının, 525 kiloqram 450 qram müxtəlif növ bitki yağı, 720 ədəd “Arko” markalı kosmetik kremin və çoxlu spirtli içkinin Gürcüstan ilə dövlət sərhədindən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.
“Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana 4.640 kiloqram quru südün, 300 ədəd 2 milliqramlıq ampulada və 84 qutuda “Diozepam” dərman preparatlarının dövlət sərhədindən qeyri-qanuni keçirilməsinin qarşısı alınmış, gömrük əməkdaşları ilə birgə iki halda 16 qram tiryək aşkar olunmuşdur.
Ay ərzində 27 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə Azərbaycan Respublikasının 22 nəfər, İran İslam Respublikasının 5 nəfər, Gürcüstanın 3 nəfər və Əfqanıstanın 4 nəfər vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhədboyu rejim qaydalarını pozduqlarına görə Azərbaycan Respublikasının 28 nəfər, Gürcüstanın 9 nəfər, İran İslam Respublikasının 4 nəfər və Türkiyə Respublikasının 1 nəfər vətəndaşı saxlanılmışdır.
Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin gücləndirilməsi nəticəsində saxta və başqasına məxsus sənədlərlə 3 nəfər Gürcüstan, 3 nəfər İran İslam Respublikası, 1 nəfər Türkiyə Respublikası və 5 nəfər Azərbaycan Respublikası vətəndaşı, müvafiq sənədləri olmadığına görə 121 nəfər müxtəlif ölkələrin vətəndaşı saxlanılmış, axtarışda olan 31 nəfər şəxs müəyyənləşdirilərək yaxalanmışdır. Bundan əlavə, vizasız 9 nəfər Nigeriya, 2 nəfər Litva, 1 nəfər Pakistan vətəndaşı, şübhəli şəxs qismində 8 nəfər müxtəlif ölkələrin vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.