İQTİSADİYYAT
Dövlət Vergi Xidməti korrupsiyaya qarşı görülən işlər barədə məlumat verib
![Dövlət Vergi Xidməti korrupsiyaya qarşı görülən işlər barədə məlumat verib](/files/2022/3/1200x630/1665666352265901748_1200x630.jpeg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Şəffaflığın təmin edilməsi, habelə vətəndaşların (vergiödəyicilərinin) maarifləndirilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən “Korrupsiyaya yox deyək!” adlı buklet hazırlanaraq rəsmi internet saytında və vergiödəyicilərinin e-qutularında yerləşdirilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Xidmətin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəis müavini Şahin Cəfərov deyib.
Ş.Cəfərov bildirib ki, bukletdə korrupsiya ilə əlaqədar əsas anlayışlar, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, vergi orqanlarında bu mübarizəni həyata keçirən struktur, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri barədə məlumat verilib, bu hüquqpozmalar barədə məlumat vermə imkanları öz əksini tapıb: “Dövlət Vergi Xidmətində korrupsiya risklərinin qiymətləndirilməsi məqsədilə Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən mütəmadi olaraq elektron və digər informasiya mənbələri əsasında vergi orqanlarının fəaliyyət göstəriciləri təhlil edilir, təhlilin nəticəsinə uyğun olaraq daxili nəzarət qaydasında daxili audit, monitorinq və müşahidə-baxış tədbirləri həyata keçirilir”.
Həmçinin nəzərə çatdırılıb ki, Daxili Təhlükəsizlik Baş İdarəsinin təklifi ilə hər il Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin tədris-mövzu planlarına “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət”, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri", “Daxili xidməti intizam və məsuliyyət məsələləri”, “Vergi orqanlarında məlumat təhlükəsizliyinin təmin edilməsi” adlı mövzular daxil edilir və həmin mövzular üzrə tədris aparılır. İldə iki dəfə isə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində vergi orqanı əməkdaşlarına “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” və “Vergi orqanlarında daxili nəzarət sisteminin təşkili Qaydaları” mövzularında təlimlər keçirilir.