İQTİSADİYYAT
Dövlət Xidməti 128 qurumda 14 min ölçmə vasitəsini yoxlamadan keçirib
Bakı, 1 mart, AZƏRTAC
Ötən il Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji nəzarət tədbirləri çərçivəsində 128 qurumda 13 903 ölçmə vasitəsinin yoxlamadan keçirilməsi və tipinin təsdiq olunması istiqamətində zəruri tədbirlər görülüb.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Qeyd edilib ki, bu tədbirlər tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, müəssisələrdə tətbiq olunan ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin əldə olunmasına xidmət edir. Dövlət metroloji nəzarətinin aparılması iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan ölçmələrin qeyri-dəqiq nəticələrinin insanların həyat və sağlamlığına, ölkənin iqtisadi maraqlarına mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır.