Dövlət Yanğın Nəzarəti Xidməti Yevlaxda və Göygöldə regional seminar-müşavirələr təşkil etmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə çalışanları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Yevlaxda və Göygöldə regional seminar-müşavirələr keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, seminar-müşavirələrdə Aran bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunmuş, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.
Bölgədə fəaliyyət göstərən ticarət müəssisələrinin, anbar və bazaların nümayəndələrinin iştirak etdiyi seminar-müşavirələrdə diqqətinə çatdırılmışdır ki, obyekt rəhbərləri yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyırlar. Ticarət müəssisələrinin bütün işçilərinin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələrinin və ciddi yerinə yetirmələrinin vacibliyi xüsusi vurğulanmışdır.
Seminar-müşavirələrdə ticarət müəssisələrində ərazinin, bina və otaqların saxlanılması və elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ticarət müəssisələri, o cümlədən baza və anbarlarda ilkin yanğınsöndürmə vasitələrinin normaları haqda ətraflı söhbət açılmış, müvafiq maarifləndirmə işləri aparılmışdır. Həmçinin ilkin yanğınsöndürmə vasitələrinin tətbiq olunması qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.
Müşavirələrdə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyinə toxunularaq bildirilmişdir ki, bununla əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır.
Seminar-müşavirələrdə “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı videostend nümayiş olunmuş, iştirakçılara Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış müvafiq yaddaş kitabçası paylanılmış, onların təklifləri dinlənilmiş və sualları cavablandırılmışdır.
Tədbir çərçivəsində Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən ticarət müəssisələrinin yanğına qarşı su təchizatının və ilkin yanğınsöndürmə vasitələrinin vəziyyətinə seçmə yolu ilə baxış keçirilmiş, müəssisələrdə çalışan işçilərlə yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılmış, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.