Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi - lektoriya
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi" adlı lektoriya keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri açaraq xalqın yaddaşında və taleyində mühüm dönüş nöqtəsinə çevrilən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib. Direktor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi dərin siyasi böhrandan, parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik və inkişafın əsasını qoyub. Ulu Öndərin kitabxana quruculuğu ilə bağlı siyasətinə toxunan direktor Heydər Əliyevin kitabxanalarımızı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə daxil olmuş 15 İyunun tarixi və mahiyyəti haqqında danışıb. Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkənin sənaye, kənd təsərrüfatı və kadr potensialının inkişafı gələcək müstəqilliyin möhkəm təməlini formalaşdırıb.
Daha sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, XX əsrin sonlarında ölkəmizin üzləşdiyi ağır ictimai-siyasi və iqtisadi böhran şəraitində Azərbaycanı xaosdan çıxara biləcək güclü siyasi liderə ehtiyac var idi. Məhz buna görə də 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanaraq ölkə rəhbərliyinə seçilib.
Professor Mais Əmrahov vurğulayıb ki, müstəqilliyimizin möhkəmləndirilməsinin birinci mərhələsi hesab olunan 1993-2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi xarici siyasətin əsasını beynəlxalq hüquq normalarına hörmət, dövlətlərin ərazi bütövlüyünün tanınması, qarşılıqlı faydalı əməkdaşlıq və milli maraqların qorunması prinsipləri təşkil edib. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycanın müasir tarixinə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi, azərbaycançılıq ideologiyasının banisi və vahid milli dövlətçilik konsepsiyasının yaradıcısı kimi daxil olub.
Məruzəçi diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin təməlində Milli Qurtuluş Günü ilə başlanan və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs dayanır. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib.
Tədbirdə çıxış edən Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində, onun siyasi, ictimai və mənəvi həyatında oynadığı müstəsna roldan bəhs edib. O, Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurulması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıb.