DÖVLƏTİMİZ 20 YANVAR ƏLİLLƏRİNƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ DAİM QAYĞI GÖSTƏRİR
Yanvarın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimi açan nazir Əli Nağıyev Qanlı Yanvar hadisələrini müstəqillik uğrunda mübarizəyə qalxmış xalqımıza qarşı qəsd kimi qiymətləndirdi. O, bildirdi ki, tarixin qara səhifələrindən olan Qanlı Yanvar hadisəsi zamanı sovet ordusunun, xüsusi təyinatlı dəstələrin, daxili qoşun birləşmələrinin görünməmiş qəddarlığı Azərbaycan xalqının azadlıq və müstəqillik eşqini söndürə, iradəsini, mübarizə əzmini qıra bilmədi.
Nazir qeyd etdi ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı hadisələr zamanı əlil olmuş soydaşlarımız Prezident Heydər Əlirza oğlunun humanist siyasəti nəticəsində dövlət qayğısı ilə daim əhatə olunmuşlar və bu qayğını bu gün də hiss edirlər. Belə ki, 1990-cı il 20 yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinət yanvarın 15-də Prezidentin sərəncamı ilə 5 dəfə artırılmaqla 100 min manat məbləğində müəyyən edilmişdir.
Əli Nağıyev sosial müdafiə sahəsində dövlətin həyata keçirdiyi siyasətin icrası ilə əlaqədar nazirlik tərəfindən görülən işlər barədə də məlumat verdi və bu qəbildən olan insanların problemlərinin gələcəkdə də həll ediləcəyini vurğuladı.
Mərasimdə çıxış edənlər 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdar olduqlarını bildirdilər, sosial siyasət sahəsində nazirliyin gördüyü işləri alqışladılar.
Mərasimin sonunda Əlilləri Sosial Müdafiə Baş İdarəsinin vəsaiti hesabına 20 Yanvar əlillərinin hər birinə 50 min manat, şəhid ailələrinə isə 100 min manat məbləğində maddi yardım verildi.