DÖVLƏTİN AQRAR SİYASƏTİ TOVUZDA UĞURLA HƏYATA KEÇİRİLİR
Rayon icra hakimiyyətinin başçısı Həmid Bağırov, maliyyə şöbəsi rəisinin əvəzi İlham Qəmbərov, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Hilal İbrahimov, Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Zeynalov və başqaları ölkəmizin başçısının nitqində irəli sürülən müddəaları xatırlatmış, qarşıda duran vəzifələrdən danışmışlar.
Həmid Bağırov ilin birinci yarısında ölkəmizin makroiqtisadi göstəriciləri haqqında yığıncaq iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin müddətdə ölkəmizdə sənaye istehsalının həcmi 41 faizi artmış, iqtisadiyyata 3 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuş, son iki ildə 435 min yeni iş yeri açılmışdır.
Natiq rayonun iqtisadi göstəricilərini xatırlatmış, bütün sahələr üzrə artım müşahidə olunduğunu söyləmişdir.
Digər çıxış edənlər də qazanılan uğurlardan danışaraq bildirmişlər ki, cari ilin altı ayı ərzində rayonda istehsal və xidmət sahələri üzrə məhsul buraxılışı 22 milyon 561 min manat təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 990 min manat və ya 21 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 2 milyon 539,7 min manat (193,8 faiz), əsas kapitala yönəldilən investisiyalar 4 milyon 571,2 min manat (204,6 faiz), kənd təsərrüfatının ümumi məhsulu 6 milyon 550 min manat (119,9 faiz), pərakəndə əmtəə dövriyyəsi 34 milyon 784,5 min manat (126,6 faiz), əhaliyə göstərilən pullu xidmətlər 4 milyon 563,8 min manat (142,2 faiz), poçt və rabitə xidmətlərinin həcmi isə 255,5 min manat (126,6 faiz) olmuşdur.
Qeyd edilmişdir ki, dövlətin aqrar siyasətinə uyğun olaraq, ilin ikinci yarısında da kənd təsərrüfatının kompleks inkişafı üçün zəruri tədbirlər görülür.
Natiqlər vətəndaşların rifahını yaxşılaşdırmaq üçün hökumətin həyata keçirdiyi ünvanlı sosial yardım proqramı çərçivəsində rayonda aparılan məqsədyönlü tədbirlərdən də söz açmışlar.
Eyni zamanda qeyd olunmuşdur ki, rayon əhalisinin təbii qaz və elektrik enerjisi ilə təminatı xeyli yaxşılaşdırılmış, abonentlərin mənzillərinə sayğacların quraşdırılması işi sürətləndirilmişdir.
Toplantıda son aylar rayonda aparılan quruculuq və abadlıq işləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər müzakirə edilmişdir.
Toplantıda müvafiq qərar qəbul edilmişdir.