CƏMİYYƏT
DSMF 50-ci dəfə beynəlxalq mükafata layiq görülüb
Bakı, 4 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-da yerləşən “International Data Corporation” (IDC) beynəlxalq qurumunun “IDC Future Enterprise Awards 2024” müsabiqəsində iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun təqdim etdiyi iş həmin beynəlxalq müsabiqədə yüksək qiymət alaraq, “Mütləq Qalib – I yer” statusu ilə “Rəqəmsal İnfrastrukturun Gələcəyində Ən Yaxşı Qurum” mükafatına layiq görülüb. İkinci yeri “Acciona” (İspaniya), üçüncü yeri “CBRE” (ABŞ) beynəlxalq qurumları tutublar.
IDC dünya miqyasında innovasiya və istehlak texnologiyaları bazarları üçün əsas qlobal məlumat təminatçısıdır və onun “IDC Future Enterprise Awards” beynəlxalq mükafatı da dünya üzrə innovasiya, rəqəmsal transformasiya və əməliyyat mükəmməlliyinə liderlik edən təşkilatlara verilir.
Müsabiqədə DSMF ilə yanaşı, Türkiyə, BƏƏ, Finlandiya, Fransa, Macarıstan, Küveyt, Norveç, Almaniya, Niderland da daxil olmaqla bir çox ölkələrdən dövlət və özəl qurumlar iştirak ediblər.
Bu, DSMF-nin bu il ərzində layiq görüldüyü 27-ci, 2021–2024-cü illər ərzində 50-ci beynəlxalq mükafatdır.