DST münaqişə zonalarında vəba epidemiyasının qarşısının alınması üçün qəti tədbirlər görür
Bakı, 8 iyul, AZƏRTAC
Vəba beynəlxalq ictimai səhiyyə sisteminə meydan oxumağa davam edir. Bu xəstəlik çox vaxt bu və ya digər regionda fəlakətlərin və əhalinin kütləvi yerdəyişməsinin "yol yoldaşıdır". Məsələn, Tanzaniyadan tutmuş Cənubi Sudana və Haitiyə qədər bir sıra ölkələrin sakinləri hələ də bu xəstəliklə üzləşirlər. Nepal və Yəməndə də bu qorxulu xəstəliyin yayılması təhlükəsi yaranıb.
Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri xatırladırlar ki, vaksinasiya vəbanın yayılması üzərində nəzarəti təmin etməyin təsirli üsuludur. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, ekspertlər ayıq-sayıq olmağa və xəstəliyə nəzarətin möhkəmləndirməsi üzrə ciddi tədbirlər görməyə çağırır.
DST layihələri çərçivəsində münaqişə zonalarında vəbanın yayılmasının qarşısının alınması üzrə qətiyyətli tədbirlər görülür. DST münaqişə içində olan Yəməndə və zəlzələdən ziyan çəkmiş Nepalda milli hakimiyyət orqanları ilə bərabər vəbanın yayılmasının qarşısının alınması layihəsi üzərində çalışırlar.
DST ümid bəsləyir ki, bu ilin sonunadək vəbaya qarşı üç milyon vaksin hazırlanacaq. 2010-cü ilin oktyabr ayından bu il iyunun 20-dək Haitidə 743 mindən çox adam vəbaya yoluxub, onlardan 8805 nəfəri vəfat edib. Haitidə epidemiya zəlzələdən 10 ay sonra tüğyan etməyə başlayıb. Aradan beş il keçsə də, haitililər hələ də vəbaya qalib gələ bilməyiblər. Bu il ölkədə vəbaya 17.812 yoluxma faktı qeydə alınıb. Onlardan 150-si ölümcül olub.