DÜNYA
DÜNYA BANKININ PROQNOZLARI
Avqustun axırlarında - sentyabrın əvvəllərində Yohannesburqda (CAR) keçiriləcək sabit inkişafa dair qlobal sammit ərəfəsində Dünya Bankının yeni məruzəsi yayılmışdır. Məruzədəki proqnozlara görə, dünya ölkələrinin məcmu ümumi daxili məhsulunun yaxın 50 ildə dörd dəfə - təqribən 140 trilyon dollaradək artacağı gözlənilir. Bu müddətdə planetin əhalisinin sayı indiki 6 milyard nəfərdən 9 milyard nəfərədək arta, əsrin sonuna yaxın isə təxminən 10 milyard nəfər səviyyəsində sabitləşə bilər.
DB-nin mütəxəssisləri xəbərdarlıq edirlər ki, iqtisadi inkişafda gözlənilən sıçrayış ətraf mühit üçün ciddi zərərlə və güclü sosial sarsıntılarla nəticələnə bilər. Onlar dünya ölkələrinin hökumətlərini iqtisadiyyatın inkişafına və yoxsulluğun azaldılmasına gələcək nəsillər üçün ağır nəticələrsiz nail olmaq üçün birgə tədbirlər görülməsi barədə tezliklə razılığa gəlməyə çağırırlar.
Məruzənin müəllifləri əmin olduqlarını bildirirlər ki, ümumi problemlərin həllindən ötrü “yerli, milli və qlobal səviyyələrdə yeni alyanslar” gərəkdir. ”Zəngin ölkələr öz bazarlarını açmağı və üçüncü dünya ölkələrindəki fermerlərin gəlirlərinin aşağı düşməsinə səbəb olan kənd təsərrüfatı subsidiyalarını azaltmağı davam etdirməlidirlər. Onlar inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsini, dava-dərman və yeni texnologiyalar verməsini də artırmalıdırlar. İnkişaf etməkdə olan ölkələrin hökumətləri isə, öz fəaliyyətləri barədə hesabat verməli, onların fəaliyyətləri şəffaf olmalı, çalışamlıdırlar ki, yoxsullar əmin ola bilsinlər ki, heç kim onların torpaqlarını əllərindən almayacaq, habelə təhsil sahəsi, tibbi xidmət və digər ümdə xidmətlər yoxsullar üçün əlyetər olacaqdır”.
İTAR-TASS-ın yaydığı xəbərdə deyilir ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, BMT-də minilliyin sammitində yoxsulluğun 2015-ci ilədək iki dəfə azaldılması barədə qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün gəlir səviyyəsi aşağı olan ölkələr həmin dövrdə iqtisadi artım surətini adambaşına götürdükdə 3,6 faiz səviyyəsində saxlamalıdrlar.