DÜNYA GÖMRÜK TƏŞKİLATININ BAKIDAKI REGİONAL TƏDRİS MƏRKƏZİNDƏ REGİONAL SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzmüşlər. Onlar oradan Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının məzarlarını ziyarət etmişlər.
Seminarda DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanda müstəqil gömrük xidmətinin yaranma tarixi barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan gömrük xidməti ötən müddətdə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində böyük inkişaf yolu keçmiş və hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə daim təkmilləşməkdədir. Bu istiqamətdə üç əsas məsələnin - maddi-texniki bazanın, qanunvericiliyin və kadr hazırlığı işinin müasir tələblər səviyyəsində qurulmasının daim diqqət mərkəzində olduğunu vurğulayan A.Əliyev bu sahədə Azərbaycan gömrük xidmətinin maraqlı tərəflərlə əməkdaşlığa daim hazır olduğunu bildirmişdir.
DGK-nın sədri Bakıdakı Regional Tədris Mərkəzində vaxtaşırı keçirilən seminarların məhz kadrların hazırlanması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini diqqətə çatdırmış, burada əsasən GUAM və İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin gömrük xidməti əməkdaşları üçün tədbirlərin təşkil olunduğunu söyləmişdir. A.Əliyev harmonik sistem üzrə regional seminarda ilk dəfə olaraq Belarus və Rusiya gömrük xidməti əməkdaşlarının da iştirakına toxunaraq, bunu əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi kimi qiymətləndirmişdir. Komitə sədri aktual mövzuya həsr olunmuş tədbirin uğurlu keçəcəyinə əminliyini bildirərək, bu sahədə tərəflərin öz bilik və təcrübələrinin bölüşməsinin ümumi işə töhfə verəcəyini vurğulamışdır.
Dünya Gömrük Təşkilatının Tarif və Ticarət İşləri üzrə Direktorluğunun əməkdaşı David Kozik gömrük prosedurlarının harmonizasiyası, eləcə də malların təsnifatı məsələsinə toxunaraq, bu məsələnin hər bir ölkənin gömrük xidməti üçün çox mühüm olduğunu vurğulamışdır. Elmi-texniki tərəqqi dövründə bütün sahələrdə, o cümlədən gömrük xidmətində sürətli dəyişikliklərə zərurət yaranmışdır. Eləcə də ticarət əməliyyatlarının vahid bir sistemə salınması həm ticarət əməliyyatlarını həyata keçirənlər, həm də bu əməliyyatlara nəzarət edənlər üçün vacibdir. D.Kozik seminarda harmonik sistem üzrə sahədə həllini gözləyən məsələlərə toxunulacağını bildirmişdir.
İyunun 13-dək davam edəcək seminarda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Belarusun gömrük xidməti əməkdaşları iştirak edirlər. Tədbirdə harmonik sistem Konvensiyası, harmonik sistemin təkmilləşdirilməsi, harmonik sistem nomenklaturası və onunla bağlı DGT-nin tövsiyələri, malların təsnifatına dair DGT-nin iş modeli və s. məsələlər barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.