Dünya qaçışının iştirakçıları xeyriyyəçilik üçün 3 milyon avro toplayıblar
Bakı, 8 may, AZƏRTAC
Bu il “Wings for Life World Run” xeyriyyə qaçışında 66 ölkədə, o cümlədən Azərbaycanda 100 mindən çox adam iştirak edib. Bu təşəbbüsə qoşulanların ödəmələri onurğa iliyi travmalarının tədqiqinə və müalicə yollarının axtarışına xərclənəcək.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən yarışda qadınlar arasında Anna Yusupova qalib gəlib. Bu idmançı virtual avtomobil-ketçer onu haqlayana qədər 28,35 kilometr məsafə qət edib. Kişilər arasında Süleyman Əliyev 25 kilometr məsafə nəticə göstərib.
Qeyd edək ki, qaçışda iştirak etmək üçün “Wings for Life World Run” əlavəsini telefona yükləmək və qeydiyyatdan keçmək lazımdır.
Arzu edən hər kəs qaçışda iştirak edə bilər. Yarış bütün dünyada eyni vaxtda başlayır və istənilən hava şəraitində keçirilir. Özü də idmançılar finişdən start götürürlər. Yarım saat sonra onların ardınca avtomobil çıxır. Əvvəlcə o, saatda 15 kilometr sürətlə gedir, sonra tədricən sürəti artırır. Avtomobil hər hansı iştirakçıya çatanda o, yarışdan kənarlaşır. Hamıdan uzaq məsafəyə qaçan, yaxud əlil arabasında gedən iştirakçı qaçışın qalibi olur.
Dünya üzrə qadınlar arasında ən yaxşı nəticəni portuqaliyalı idmançı Vera Nuneş göstərib. Almaniyada starta çıxan idmançı təqribən 54 kilometr məsafə qət edib. Kişilər arasında əlil arabasında isveçli Aron Anderson qalib gəlib. ABŞ ərazisində keçirilən qaçış yarışında iştirak edən Aron təqribən 90 kilometr məsafə nəticə göstərib. Qeyd edək ki, A.Anderson dalbadal iki ildir qalib gəlir.
İştirakçılar ümumən 900 min kilometrdən çox məsafə qət ediblər. Qaçış sayəsində üç milyon avro toplanıb. Dünya marafonu artıq beşinci dəfədir keçirilir.