DÜNYA QADIN HƏMRƏYLİYİ İNKİŞAF ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycana gəlmiş Bəhreyn Şeyxinin ailə üzvü, Bəhreyn Qadınları Ali Məclisinin üzvü Şeyxa Vesal Bint Mohamed Əl-Xəlifə və Mərakeşin sosial inkişaf, ailə və birlik üzrə naziri xanım Nuzha Skalli ilə görüşmüşdür. H.Hüseynova beynəlxalq forumun əhəmiyyətini vurğulamış, dünya miqyasında qadın həmrəyliyinin inkişaf etdirilməsinin zəruriliyindən danışmış, AQUPDK-nın respublikamızda dövlət siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son illər Azərbaycanda müşahidə olunan sürətli iqtisadi inkişaf ailə, qadın və uşaq problemlərinin həlli üçün etibarlı zəmin yaradır. H.Hüseynova Heydər Əliyev Fondunun qadınların cəmiyyətdəki sosial statusunun yüksəldilməsi, ailə dəyərlərinin möhkəmləndirilməsi, uşaq hüquqlarının müdafiəsi sahəsində tədbirlərin mütəmadi olaraq həyata keçirdiyini diqqətə çatdırmış, Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Komitə sədri ötən dövrdə ailə, qadın və uşaq problemlərinin həlli ilə bağlı müvafiq qanunların və dövlət proqramlarının qəbul olunduğunu, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə imzalanan “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi barədə məlumat vermişdir. Ailə problemləri barədə danışan komitə sədri bu sahədə əsasnamə hazırlandığını, təkliflər paketi ilə Milli Məclisə müraciət olunduğunu diqqətə çatdırmışdır.
Qonaqlar Azərbaycanda qadınların dövlət quruculuğu prosesində iştirakının səviyyəsini yüksək qiymətləndirmiş, gələcəkdə Azərbaycan qadınları ilə əməkdaşlığın davam etdiriləcəyini bildirmişlər. Belə ki, ailə institutunun möhkəmləndirilməsi sahəsində təcrübə mübadiləsi aparılacaq, bu sahədə layihələr və proqramlar icra olunacaq və digər tədbirlər həyata keçiriləcəkdir.
Sonda qonaqlara hədiyyələr təqdim edilmişdir.
######
![]() |
![]() |

